İçeriğe geçmek için "Enter"a basın

Sevdiyi qızı bıçaqlayan oğlanın atası danışdı: "Üstündən maşın keçmişdi" - YENİLƏNİB

31-10-2016

31.10.2016 / 14:52 xeber –

 

Rusiyanın Surqut şəhərində sevdiyi qızı bıçaqlayıb intihar edən Azərbaycan vətəndaşının kimliyinə aydınlıq gəlib. Hadisənin baş verdiyi Xantı-Mansiyks diyarında yerləşən Azərbaycan diasporunun rəhbəri Azad Seyidovun Lent.az-a verdiyi məlumata görə, intihar edən şəxs Tağıyev İbad Ələkbər oğludur. “İbad Tağıyev əslən Ağstafanın Köçəsgər kənindədir. Surqutda yaşayırdı. Bir qədər əvvəl Rusiyadan deportasiya edilmişdi. Koqalım şəhərində onun qohumları yaşayır. Hazırda onlar Surquta gəlirlər və meyitin Azərbaycana göndərilməsiylə məşğul olacaqlar”.

 

Lent.az-ın əməkdaşı İbad Tağıyevin atası Ələkbər Tağıyevlə əlaqə saxlayıb. Ələkbər Tağıyevin dediyinə görə, İbadın ölümündən  bu gün səhər saytlar vasitəsi ilə xəbər tutublar. “Oğlum o qızı sevirdi. Tatyana adlı bu qız isə İbada dəfələrlə “yox” deyib. Amma uşaq əl çəkmirdi. Bir il qabaq əsəbiləşib o qızı döymüşdü də. İşi də Surqut məhkəməsindəydi. Elə bu hadisəyə görə İbadı deportasiya etmişdilər. Amma yenidən qayıdıb getdi. Dağıstan sərhədində deyib ki, bəs məhkəməmdir, könüllü iştirak edəcəm. Onlar da buraxmışdılar”.

 

Həmsöhbətimizin dediyinə görə, hadisə heç də intihar olmayıb: “Bacım oğlu mənə zəng vurdu ki, İbad Tatyananı vurandan sonra səs-küyə qonşular çıxıb. Onlar da blokda İbadı əhatəyə alıb döyməyə başlayıblar. İbad da əllərindən çıxıb, blokun pəncərəsindən özünü atıb”.

 

Ələkbər Tağıyev onu da bildirib ki, oğlu bir il əvvəl dəhşətli qəza keçirib: "Bir maşın onu vurmuşdu, başqa bir maşın isə üstündən keçmişdi. Ölümdən dönmüşdü. Bu hadisədən sonra psixoloji problemləri yaranmışdı. Qohum-əqrəba yalvardıq ki, getmə, qayıtma, sözümüzə baxmadı. Axırı da belə”.

 

**

12:20

Rusiyanın Surqut şəhərində sevdiyi qızı bıçaqlayan Azərbaycan vətəndaşı az sonra özü də intihar edib.

 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Çexov küçəsində baş verib. Uzun illər qonşuluğundakı qızı sevən azərbaycanlı hər dəfə ondan rədd cavabı alıb. Qız həmyerlimiz barədə polisə şikayət edəndən sonra yerli miqrasiya xidməti onu Azərbaycana deportasiya edib. Amma deportasiya qadağası bitmədən yenidən Surquta qayıdan azərbaycanlı birbaşa sevdiyi qızın yaşadığı mənzilə gedib. Qız qapını açan kimi yenidən onu sevdiyini elan edib. Növbəti dəfə rədd cavabı veriləndən sonra ona 6 bıçaq zərbəsi vurub. Daha sonra isə mənzilin yerləşdiyi 9-cu mərtəbədən özünü atıb. 1990-cı il təvəllüdlü olduğu bildirilən gənc yerindəcə ölüb. 

 

Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

 

mənbə :
lent.az

Sevdiyi qızı bıçaqlayan oğlanın atası danışdı: "Üstünden maşın keçmişdi" – YENİLƏNİB