İçeriğe geçmek için "Enter"a basın

Dünya 20 Yanvar faciesini bele tanıyacaq – Şekil

19-01-2015


19.01.2015 20:56 xeber –

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib.

Şuranın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti institutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu bildirib.

Toplantıda məruzə ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədəki o zamankı ictimai-siyasi vəziyyəti xronoloji ardıcıllıqla təhlil edib.

Milli Jurnalistika Konqresinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer ayırılmasının vacib olduğunu deyib.

Bundan başqa Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Azər Həsrət, Əliməmməd Nuriyev, İradə Yaqubova, Nazim Əhmədli, Qəmzə Yusifova, Xanım Əhmədzadə, Niyaməddin Orduxanlı, Emin Həsənli, Mahirə Əmirhüseynova, Sevda Tahirli, Çingiz Bayramov, Xanoğlan Əliyev və digər QHT rəhbərləri çıxış edərək 20 Yanvar qətliamına beynəlxalq ictimaiyyətdən ədalətli münasibət gözlədiklərini deyiblər.

Toplantıda 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün QHT-lərdən ibarət işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. İşçi qrupunun sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov, üzvləri QHT rəhbərləri Rauf Zeyni, Sənan Nəcəfov, Mahirə Əmirhüseynova, Məhərrəm Zülfüqarlı, Niyaməddin Orduxanlı, Mais Əliyev, Mehriban Abdullayeva, Azər Həsrət, Xanım Əhmədzadə, Asif Əsgərov, Sevda Tahirli, Məhluqə Rəhimova¸ Nəriman Abbasov, Çingiz Bayramov və Venera Əsgərova seçilib. İşçi qrupun ilk iclasında 20 Yanvar hadisəsinin beynəlxalq ictimaiyyətə tanıdılması üçün müvafiq petisiyanın təşkil edilməsi haqqında razılıq əldə edilib.

Sonda QHT-lər 20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul edib.

Müraciətdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamdan, onun acı nəticələri haqında məlumat verilib.

Müraciətin sonunda bildirilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları olaraq 20 Yanvar qətliamının 25 illiyi ilə bağlı dünya ictimaiyyətinə müraciət edərək günahsız insanları qətlə yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini, onların beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edirik. Eyni zamanda xalqımızın Sovet İttifaqının çökməsinə və bunun ona daxil olan respublikaların dövlət müstəqilliyi əldə etməsinə verdiyi böyük töhfənin layiqincə qiymətləndirilməsini istəyirik”.

Mənbə : Anspress.com

Dünya 20 Yanvar faciesini bele tanıyacaq – Şekil